Müdafiə Nazirliyi: Düşmən təxribatına qarşı müvafiq tədbirlər görüləcək

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır: “Nümayiş etdirilən kadrlar Azərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib.

Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir.

Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək”.

ƏvvəlkiHüseyn Abdullayevin tutulması xəbəri rəsmən təsdiqlənib
Növbəti“Şolom Aleyxem” ilk dəfə Azərbaycan dilində çap olunub