Moskvada Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə hərbi parad keçirilir

Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə Moskvada hərbi parad keçirilir.

AZƏRTAC xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin tribunalarda fəxri qonaqlar və veteranlarla birlikdə paradı izləyir.

Tədbirdə Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyanın müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə qonaq qismində iştirak edir.

Paradda Azərbaycan Ordusunun 75 hərbçisindən ibarət dəstə Moskvanın mərkəzi Qızıl meydanından keçəcək.

Moskvada keçirilən hərbi paradda 14 minə yaxın hərbçi iştirak edir. Rusiya hərbi qulluqçuları ilə yanaşı, meydanda 13 ölkənin, o cümlədən Azərbaycanın hərbçiləri addımlayacaqlar. Qızıl meydanın üzərindən 75 təyyarə və helikopter uçacaq, 200 müasir və 18 tarixi hərbi texnika tribunalar önündən keçəcək. Piyada dəstələrinin və hərbi texnikanın tribunalar önündən keçdi təxminən saat yarım çəkəcək.

Xatırladaq ki, Qələbə paradı koronovirus pandemiyasına görə mayın 9-dan iyunun 24-ə keçirilib. 1945-ci ildə Böyük Vətən müharibəsində Qələbədən sonra Qızıl meydanda məşhur parad da iyunun 24-də keçirilmişdi.

Mayın 9-na nəzərdə tutulmuş parada bir çox ölkələrin liderləri dəvət almışdılar. Tədbirdə iştirakı təsdiqlənmiş bir çox digər dövlət və hökumət başçıları koronovirus pandemiyası ilə əlaqədar Moskvaya səfərlərini təxirə salmalı olublar.

Hərbi paradın fəxri qonaqları arasında Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Moldova Prezidenti İqor Dodon, Serbiya Prezidenti Aleksandr Vuçiç, Tacikistan Prezidenti Emomali Rahmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xarici ölkələrin Moskvada akkreditə olunmuş səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və başqaları var.

Qələbə bayramı münasibətilə günün sonunda – Moskva vaxtı ilə saat 23:00-da Rusiya paytaxtında atəşfəşanlıq olacaq.

ƏvvəlkiTANAP-la indiyədək nəql olunan təbii qazın həcmi açıqlanıb
NövbətiAzərbaycanda taxıl sahələrinin 46%-də biçin başa çatıb