Noyabrın 16-da parlamentin payız sessiyasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri də iştirak ediblər.
Parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyə 11 məsələ daxildir. Bunlardan 8-i 2027-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlərdir.
Gündəliyin birinci məsələsi olan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə danışan Milli Məclisin sədri bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkə iqtisadiyyatının dayanıqlığını qorumağa imkan verib.
Sonra iclasda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxış edib. Bildirilib ki, ümumi həcmi 89,4 milyard dollara çatan strateji valyuta ehtiyatlarımız makroiqtisadi sabitliklə bərabər Azərbaycan dövlətinin milli maraqlarımıza uyğun qəbul etdiyi suveren qərarları da dəstəkləyir. Eyni zamanda, maliyyə təhlükəsizliyinin yalnız ehtiyatların həcmi ilə deyil, həmin ehtiyatların qorunmasına xidmət edən məsuliyyətli fiskal siyasətlə də təmin olunduğu qeyd edilib.
Komitə sədri bildirilib ki, 2027-ci ilin büdcə zərfində neftin 1 barelinin orta illik qiyməti 65 dollar səviyyəsində götürülüb. Qeyd olunub ki, büdcə layihəsində əsaslı xərclərə 13,8 milyard manat, o cümlədən dövlət investisiyalarına 5,3 milyard manat vəsait nəzərdə tutulması fiskaldayanıqlıq üçün iqtisadi əsasların yaradılmasına xidmət edir. Növbəti ilin proqnozlarına əsasən, icmal büdcənin xərclərinin 50 milyard manatı, dövlət büdcəsi xərclərinin isə ümumi daxili məhsulda payının 30 faizi ötməsi dövlətin maliyyə imkanlarının kifayət qədər yüksək olduğunu göstərir. Həmçinin diqqətə çatdırılıb ki, postmüharibə dövrünü yaşamış digər ölkələrdən fərqli olaraq, dövlətimiz Böyük Qayıdış proqramını yalnız özü maliyyələşdirir. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 2020-2026-cı illərdə dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb, 2027-ci ildə isə 3,4 milyard manat nəzərdə tutulur.
Onun sözlərinə görə, büdcə zərfi dövlətin sosial siyasətinin növbəti ildə daha da güclənəcəyindən xəbər verir. Xərclərin 18,7 milyard manatının və ya 44,2 faizinin sosialyönümlü olması bunu bir daha təsdiq edir. Bununla yanaşı, 2027-ci ildə müdafiə və milli təhlükəsizlik xərclərinə 8,8 milyard manat, iqtisadi fəaliyyətlə bağlı xərclərə 8,9 milyard manat yönəldiləcək.
Sonra maliyyə naziri Sahil Babayev çıxış edərək “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib.
Diqqətə çatdırılıb ki, 2027-ci il üçün ÜDM-in 2,7 faiz artımla 141 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. İqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində ÜDM-in 77,4 faizi, yaxud 109,1 milyard manatı qeyri-neft sektorunun payına düşəcək. Monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində növbəti ildə də manatın məzənnəsi sabit saxlanılmaqla 1,7 manat, illik inflyasiya isə 5,3 faiz proqnozlaşdırılır.
Maliyyə nazirinin sözlərinə görə, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft istehsalının stimullaşdırılması nəticəsində növbəti ildə də neftdən asılılığın azalması tendensiyası qorunur. Belə ki, 2027-ci il üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi cari illə müqayisədə 1,7 faiz az olmaqla 17,1 faiz proqnozlaşdırılır. Bu, fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricidir. Növbəti ortamüddətli dövr üçün, yəni 2029-cu ilə bu göstəricinin 13 faizə, 2030-cu ilə isə 12 faizə endirilməsi əsas hədəflərdəndir. 2027-ci ildə icmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5 faizə, dövlət büdcəsində payı isə 60,6 faizə çatacaq. Bu, cari illə müqayisədə müvafiq olaraq 1,5 və 3,2 faiz çoxdur. Büdcədə qeyri-neft gəlirlərinin payının artması cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbətinə öz müsbət təsirini göstərir.
Sonra Sahil Babayev dövlət və icmal büdcələrin gəlir və xərcləri barədə məlumatı təqdim edib.
Nəzərə çatdırılıb ki, 2027-ci il üçün dövlət büdcəsinin gəlirləri 39,3 milyard manat həcmində proqnozlaşdırılır. Dövlət büdcəsi gəlirlərinin 23,8 milyard manatı və ya 60,6 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 15,5 milyard manatı və ya 39,4 faizi neft-qaz sektoru üzrə daxilolmaların payına düşür. Növbəti il üçün gəlirlərin 18,4 milyard manatı və ya 47 faizi Dövlət Vergi Xidməti vasitəsilə daxilolmaların payına düşür. Həmin daxilolmaların 14,9 milyard manatı qeyri-neft sektorundan, 3,6 milyard manatı isə neft-qaz sektorundan təmin ediləcək. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar isə 6,9 milyard manat və ya büdcə gəlirlərinin 17,5 faizi həcmində proqnozlaşdırılır. Dövlət Neft Fondundan transfertin həcmi 11,9 milyard manat və ya büdcə gəlirlərinin 30,3 faizi həcmində olacaq. Büdcə gəlirlərinin 872 milyon manatı dövlət müəssisələrindən alınan dividendlərin, 949 milyon manatı ödənişli xidmətlər üzrə daxilolmaların, 484 milyon manatı sair gəlirlərin hesabına təmin ediləcək.
Bildirilib ki, növbəti il üçün dövlət büdcəsi xərclərinin 42,4 milyard manat olması proqnozlaşdırılır. Dövlət büdcəsi xərclərinin 26,4 milyard manatı və ya 62,3 faizi cari xərclərə, 13,8 milyard manatı və ya 32,5 faizi əsaslı xərclərə, 2,2 milyard manatı və ya 5,2 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.
Sonra iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib.
Nazir 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası dövründə iqtisadiyyatda kəmiyyət artımı ilə yanaşı, keyfiyyət dəyişikliklərinin də baş verdiyini söyləyib. Nəzərə çatdırılıb ki, iqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Son illərdə olduğu kimi cari ilin 10 ayında da ÜDM-in artımı bütövlükdə qeyri-neft-qaz sektoru hesabına təmin olunub. Qeyd edilib ki, ölkə iqtisadiyyatı ümumi daxili məhsulla yanaşı, ümumi milli gəlirin artımı ilə də xarakterizə olunur. Belə ki, hazırda Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, xaricdə aktivlər əldə edir və bu aktivlər əlavə dəyər və əlavə gəlir mənbəyinə çevrilir. Habelə, dövlət şirkətlərinin fəaliyyətində mühüm keyfiyyət dəyişikliyinin baş verdiyi söylənilib, bu gün bir sıra dövlət şirkətlərinin səmərəli fəaliyyəti, o cümlədən büdcəyə dividend daxilolmaları aparılan islahatların nəticəsi kimi dəyərləndirilib. Bununla yanaşı, qeyri-neft-qaz sənayesi, nəqliyyat-logistika və rəqəmsal xidmətlər sektorlarının artımın aparıcı sahələrinə çevrildiyi qeyd olunub.
Nazir Milli Məclisə təqdim edilən dövlət büdcəsi paketinin ölkənin sosial-iqtisadi inkişaf strategiyasında qarşıya qoyulan əsas hədəflərin ardıcıl şəkildə həyata keçirilməsinə xidmət etdiyini vurğulayıb.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov çıxış edərək bildirib ki, illik inflyasiya hədəf diapazonu səviyyəsindədir. Proqnozlara görə, növbəti ildə ölkədə ÜDM-in 2,3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,3 faiz artacağı gözlənilir. Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli qalması valyuta bazarında tarazlıqla müşayiət olunub. Növbəti ildə də xarici sektor üzrə əlverişli mövqenin qorunacağı, cari əməliyyatlar hesabının profisitinin 2027-ci ildə 5,4 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır. Bildirilib ki, ölkənin strateji valyuta ehtiyatları cari ilin 10 ayında 4,1 faiz artaraq 88,6 milyard ABŞ dollarına çatıb.
Qeyd olunub ki, son 1 ildə əmanətlərin dollarlaşma səviyyəsi rezident fiziki şəxslər üzrə 3,3 faiz bəndi azalaraq oktyabrda 25,2 faizə, qeyri-rezident fiziki şəxslər üzrə isə 6,1 faiz bəndi azalaraq 54,1 faizə düşüb. Mərkəzi Bankın valyuta ehtiyatları isə cari ilin 10 ayında 3,9 milyard ABŞ dolları və ya 34 faiz artaraq 15,4 milyard ABŞ dollarına çatıb. Bu da Azərbaycanın müstəqillik tarixində maksimal səviyyədir.
Bildirilib ki, 2026-cı ilin 10 ayında bank sektoru sabit fəaliyyətini davam etdirib. Bank sektorunda məcmu kapital adekvatlılıq səviyyəsi 16,5 faiz və likvidliyin örtülmə əmsalı 153 faiz olmaqla normativləri əhəmiyyətli dərəcədə üstələyib, sektor mənfəətlə fəaliyyət göstərib.
Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov gələn ilin dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini təqdim edib.
Bildirilib ki, 2027-ci ilin dövlət büdcəsinin layihəsi ötən dövrün reallıqları və qarşıdakı dövrün çağırışları nəzərə alınmaqla hazırlanıb. O, layihənin mühüm xüsusiyyətlərinə diqqət çəkərək qarşıdakı ilin dövlət büdcəsini neft asılılığının azaldılması baxımından dönüş nöqtəsi və eyni zamanda hərbi, sosial, investisiya xərclərinin optimal sintezi kimi xarakterizə edib.
Palata sədri diqqətə çatdırıb ki, “Büdcə zərfi”nə daxil olan sənəd və göstəricilər qanunvericiliyə uyğun hazırlanıb, büdcə parametrləri əsasən düzgün və etibarlı təqdim edilib. O, həmçinin layihənin ölkənin fiskal dayanıqlığının qorunması və dövlət maliyyəsinin səmərəli idarə olunması baxımından əlverişli çərçivə yaratdığını vurğulayıb.
Palata sədri çıxışında xərclərin səmərəli planlaşdırılması, büdcə və maliyyəhesabatlığı ilə bağlı Hesablama Palatasının təklif və tövsiyələrini diqqətə çatdırıb.
2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri noyabrın 17-də davam etdiriləcək.


























































