Boğaziçi Universitetində “Azərbaycan Mədəni İrs Səyahəti II – Xarıbülbülün oyanışı” adlı tədbir keçirilib

İstanbulun nüfuzlu Boğaziçi Universitetində “Azərbaycan Mədəni İrs Səyahəti II – Xarıbülbülün oyanışı” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Boğaziçi Universitetinin azərbaycanlı tələbələrinin təşkilatçılığı, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə baş tutan tədbir Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərimizin və zəngin tarixi irsimizin Türkiyədə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyıb.

Tədbirdə Azərbaycanın Türkiyədəki konsulluq nümayəndələri Aygül Qocayeva və Alim Məmmədov, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Kəmalə Paşayeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova və digər qonaqlar iştirak ediblər.

Aygül Qocayeva, Kəmalə Paşayeva və Arzu Bağırova çıxış edərək Azərbaycan mədəni irsinin qorunmasının, milli dəyərlərimizin beynəlxalq miqyasda təbliğinin, xüsusilə gənclərin bu istiqamətdə fəallığının vacibliyini diqqətə çatdırıblar.

Çıxışlarda Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığı, ortaq tariximizin və mədəniyyətimizin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Bildirilib ki, xarıbülbül sadəcə bir gül deyil. O, Qarabağın rəmzi, Zəfərimizin nişanəsi, milli yaddaşımızın və mənəvi bağlılığımızın ifadəsidir. Onun hekayəsinin İstanbulda, qardaş Türkiyədə səslənməsi hər bir azərbaycanlı üçün qürurvericidir.

Sonda tədbirin təşəbbüskarlarına və təşkilatçılara minnətdarlıq ifadə olunub.

ƏvvəlkiAzərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
NövbətiLeyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib