Mərkəzi Bankın rəhbəri bankların bağlanma səbəbini açıqlayıb

Azərbaycanda fəaliyyət göstərən banklarda hansısa problemlər vaxtında aradan qaldırılmayıbsa və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

“Maliyyə sektoru hansısa aptek və ya yanacaqdoldurma biznesi deyil, odur ki, bu sektor mütəmadi nəzarət altındadır. Bəzi banklar çox aktivdir, bəzilərinin fəaliyyəti normaldır, bəzisi isə problemlidir və həcmindən asılı olmayaraq bütün maliyyə sektoruna xələl gətirə bilər.

Bankların bağlanmasını istəməzdim. Amma böyük problemi olan təşkilatlarda vaxtında işlər görülməlidir. Görülməyibsə və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır. Çünki maliyyə sektoru iqtisadiyyatın real sektorunun mərkəzindədir. Orada olan problemlər bütün iqtisadiyyatımıza təsir edəcək”, – deyə T.Kazımov bildirib.

Hazırda Azərbaycanda 24 bank fəaliyyət göstərir. 2011-ci ildən bu günədək ölkədə 22 bank bağlanıb.

ƏvvəlkiQırğızıstanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
NövbətiSabah rayonlara yağış yağacaq