Le Pen Avropa Parlamentinə böyük məbləğdə pul ödəyə bilər

Avropa Parlamenti Fransa prezidentliyinə namizəd Marin Le Pendən böyük məbləğdə pul almaq niyyətindədir.

Bu barədə “Report” “Agence France-Press”ə istinadən xəbər verir.

Avropa Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin verdiyi məlumata görə, söhbət Le Pen və onun tərəfdaşlarının Avropa Parlamentində aldıqları təzminatdan gedir. Xüsusilə onun və partiyasından olan tərəfdaşlarının Avropa Parlamentinin büdcəsindən Fransanın daxili siyasəti ilə bağlı məqsədlər üçün vəsait xərclədiyi göstərilir. Qeyd edilir ki, bu pullar şəxsi məqsədlər üçün və ya Le Penin partiyasına yaxın şirkətlərin xidmətləri üçün istifadə edilib.

Məlumat aprelin 24-də Fransada keçiriləcək prezident seçkilərində səsvermənin həlledici ikinci turuna az qalmış yayılıb.

“Söhbət ümumilikdə 617 min avro məbləğində əsassız ödənişlərdən gedir. Yaxın həftələrdə biz bu vəsaiti aidiyyəti şəxslərdən geri almağa başlayacağıq”, – məlumatda deyilir.

Le Pendən təxminən 137 min avro almaq planlaşdırılır.

Qeyd edək ki, Le Pen 2004-2017-ci illərdə Avropa Parlamentinin deputatı olub.

ƏvvəlkiUkrayna hərbçiləri Xarkovda bir neçə yaşayış məntəqəsini azad edib
NövbətiAprelin 17-də Azərbaycanda COVID-19 əleyhinə 6 minə yaxın doza vaksin vurulub