KOBİA yanında İctimai Şuranın üzvlüyünə namizədlərin qəbulu elan edilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması ilə əlaqədar üzvlüyə namizədlərin qəbulu elan edilir.

Bu barədə Trend-ə KOBİA-dan məlumat verilib.

KOBİA yanında İctimai Şuranın fəaliyyətində üzv kimi iştirak etmək istəyən biznes assosiasiyaları və birlikləri, vətəndaş cəmiyyətini təmsil edən və əsas fəaliyyəti sahibkarların hüquqlarının təbliği və qorunması olan, bu sahədə geniş təcrübəyə malik ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları öz namizədləri barədə KOBİA tərəfindən formalaşdırılmış Seçki komissiyasına müraciət edə bilərlər. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.

Seçkilər Seçki komissiyasının müəyyən etdiyi tarixdə və yerdə keçiriləcəkdir.

Müraciət etmək üçün tələb olunan sənədlər:
– Namizədin ərizəsi;
– Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
– Namizədin təmsil olunduğu vətəndaş cəmiyyəti institutunun qeydiyyat şəhadətnaməsi və reyestrdən çıxarışının surəti;
– Müraciət etmiş vətəndaş cəmiyyəti institutunun İctimai Şurada təmsil olunmasını istədiyi nümayəndə barədə həmin və ya digər vətəndaş cəmiyyəti institutunda onun üzvlüyünü (rəsmi vəzifəsini) (əgər varsa) təsdiq edən sənəd və İctimai Şuraya rəsmi olaraq üzv qəbul edilməsini tövsiyə edən məktub;
– Namizədin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının və digər təsdiqedici sənədlərin surəti).

Yuxarıda qeyd edilən sənədlər 25.10.2022-ci il tarixdən etibarən 20 iş günü ərzində (23.11.2022-ci il saat 18:00-dək) kağız daşıyıcıda KOBİA-nın Atatürk prospekti, 134 ünvanında yerləşən inzibati binasına gəlməklə və ya elektron formada ictimaishura@smb.gov.az elektron poçt ünvanına göndərilməklə təqdim edilə bilər.

Vətəndaş cəmiyyəti institutuna və onun irəli sürdüyü namizədə dair tələblər aşağıdakılardır:
– vətəndaş cəmiyyəti institutunun aktiv fəaliyyətinin olması;
– namizədin məhkumluğu olduğu təqdirdə onun götürülmüş və ya ödənilmiş olması.

İctimai Şuraya namizədliyini irəli sürmüş şəxsin qeydiyyatına Seçki komissiyası tərəfindən 3 iş günü müddətində baxılacaq və nəticəsi barədə müvafiq qərar qəbul edilərək məlumat veriləcəkdir.

Əlavə məlumat üçün: (012) 404 04 01 (daxili 162) və ya (+994) 55 589 69 39

ƏvvəlkiOrdumuzun mövqeləri atəşə tutulub
NövbətiAzərbaycanda gələn il televiziya, radio və nəşriyyat sahəsinə ayrılacaq vəsait açıqlanıb