Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Sabirabadda ağacəkmə aksiyası keçirilir

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Sabirabad rayonunda ağacəkmə aksiyası keçirilir.

“Report”un məlumatına görə, Ulu Öndərin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər rayonda xüsusi təntənə ilə davam etdirilir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı təsdiq olunub və rayon üzrə silsilə tədbirlərin keçirilməsinə start verilib.

Tədbirlər çərçivəsində rayonda geniş miqyaslı abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağac əkilməsi planlaşdırılıb.

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə rayonun müxtəlif yaşayış məntəqələrində ağacəkmə aksiyası çərçivəsində artıq 7 mindən çox ağac əkilib və bu sahədə işlər hazırda da davam etdirilir.

Qeyd edək ki, rayon ərazisində əsasən dekorativ ağaclar, o cümlədən palma, evkalipt, aliandr ağacları əkilir.

Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Sabirabad rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı və həmçinin rayon ictimaiyyətinin Ulu Öndərin xatirəsinin yad olunmasına bir töhfədir.

ƏvvəlkiFilarmoniyada “Sən elə bir zirvəsən” adlı konsert təşkil olunub
NövbətiAzərbaycanın tanınmış ifaçıları Brüsseldə konsert proqramı ilə çıxış ediblər