Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun sərgisində iştirak edib

Dekabrın 22-də Heydər Əliyev Mərkəzində təsviri incəsənətin küçə sənəti (“street art”) üslubunda işləyən braziliyalı rəssam Nina Pandolfonun “Minnətdarlıq” (“Gratitude”) adlı fərdi sərgisi açılıb.

Trend-in məlumatına görə, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov diqqətə çatdırıb ki, pandemiya dövründə uzun müddətdir ehtiyac duyulan belə bir sərginin məhz Mərkəzdə keçirilməsi çox əhəmiyyətlidir. Bir neçə gündür Bakıda olan Nina Pandolfo ekspozisiyanın qurulmasında şəxsən iştirak edib. Həmçinin sərginin ərsəyə gəlməsində Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzanın, Jan David Malat qalereyasının direktoru Jan David Malatanın böyük əməyi var.

Anar Ələkbərov bütün bu əlaqələrdə, eləcə də belə tədbirlərin təşkilində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xüsusi rolu olduğunu vurğulayıb və ona təşəkkürünü bildirib.

Sərginin konsepsiyası haqqında məlumat verən braziliyalı rəssam Nina Pandolfo öncə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü ifadə edib.

Rəssam qeyd edib ki, “Minnətdarlıq” sərgisi hər kəsin minnətdar olmasını ehtiva edən bir sərgidir, daha doğrusu həyat tərzi anlamındadır.

“Minnətdarlıq bizi daha yüksək səviyyəyə ucaldan ülvi bir hissdir. O, bizə çətin anların keçib-getdiyini, tezliklə gözəl bir şəfəqin gələcəyini öyrədir. Bizə paylaşmağı, birləşməyi, başqalarını duymağı öyrədir. Ürəyimizin sıxıldığını hiss etdiyimiz zaman gözlərimizə təbəssüm gətirən bir hissdir. Bizi digər insanlarla və həyatla unikal və sıx şəkildə əlaqələndirir. Ümidvaram ki, bütün ziyarətçilər mənim üçün heç bir etnik mənsubiyyəti yox, daha çox qadın olmaq vəziyyətini təmsil edən personajların təsirini hiss edə bilərlər, gücün kövrəklikdə olduğunu hiss edə bilərlər. Çünki qadın zəif deyil, kövrəkdir. Zəiflik gücün olmamasıdır. Kövrəklik isə həssaslıqdır. İşləmək, başqalarına dəstək olmaq, onlara qayğı göstərmək, bir sözlə biz qadınların etdiyi hər şeyi etmək üçün bizə güc verən elə qadının həssaslığıdır”, – deyə rəssam çıxışında bildirib.

Sərginin açılış mərasimində çıxış edən Braziliya səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruza Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bu möhtəşəm təşəbbüsə görə, Fondun vitse-prezidenti Leyla Əliyevaya Nina Pandolfonu Azərbaycana dəvət etdiyi üçün təşəkkürünü bildirib.

Daha sonra sərgi ilə tanışlıq olub.

Sərgidə müəllifin multikultural dünyanı təqdim edən, etnik baxımından müxtəlifliyi ilə seçilən qadınlara həsr olunan əsərləri nümayiş etdirilir. Ziyarətçilər həm də Nina Pandolfonun qraffiti instalyasiyaları ilə də tanış ola bilər.

Əvvəlki“Azərpoçt” MMC tərəfindən yeni poçt markası dövriyyəyə buraxılıb
NövbətiAzərbaycan neftinin qiyməti 78 dollara yaxınlaşıb