Göyçayda şəhid əsgər Elnur Məhərrəmovla vida mərasimi keçirilib

Göyçayda şəhid əsgər Elnur Məhərrəmovla vida mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri, 2001-ci il təvəllüdlü Elnur Nərbala oğlu Məhərrəmovun cənazəsi bu gün doğulduğu Göyçay rayonunun Şəkər kəndinə gətirilib. Yaşadığı evdə təşkil olunan vida mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Göyçay Rayon İcra Hakimiyyətinin əməkdaşları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları iştirak ediblər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub.

Kənd qəbiristanlığındakı dəfndə izdiham yaşanıb və insanlar “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndiriblər. Dəfn mərasimində cənazənin üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atası Nərbala Məhərrəmova təqdim olunub, havaya yaylım atəşi açılıb. Hərbi orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub
NövbətiUEFA Avropa Liqası: “Qarabağ” – “Nant” – 3:0