Əməkdar mədəniyyət işçisi Əsəd Əsədov dünyasını dəyişib

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü, tanınmış kino xadimi Əsəd Əsədov 76 yaşında dünyasını dəyişib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib.

Qeyd edək ki, Əsəd Əsədov 1947-ci il martın 1-də Bakıda anadan olub.1970-ci ildə Leninqrad (Sankt-Peterburq) Kino Mühəndisləri İnstitutunu bitirib. 100-ə yaxın bədii və sənədli filmin, “Mozalan” satirik kinojurnalının 150-dən çox süjetinin səs rejissorudur.

Onun ilk çalışdığı film rejissor Tofiq İsmayılovun “Körpüsalanlar” povesti əsasında ekranlaşdırdığı “Çarvadarların izi ilə” (1974) filmi olub. Bu filmə başlayanda artıq dublyajda işləmək təcrübəsinə sahib idi.

Əsəd Əsədov “Yaramaz” filminə görə dövlət mükafatı (1991), “Ailə” filmindəki işinə görə “Ən yaxşı səs rejissoru” nominasiyasında “Qızıl Çıraq” mükafatına layiq bilinib.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Dövlət Mükafatı laureatıdır. 2023-cü ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Allah rəhmət eləsin!

ƏvvəlkiAvropa Kuboku: “Kür” klubu Mingəçevirdə ilk oyununa çıxacaq
NövbətiAzərbaycanın Rus İcması Qarabağın erməni əhalisinin reinteqrasiyasını dəstəkləyir