Eksternat imtahanlarında 250 nəfər uğur qazanıb

Bakı şəhəri üzrə onlayn formada keçirilən eksternat qaydasında aralıq imtahanlarının nəticələri açıqlanıb.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlara hər iki səviyyə üzrə ümumilikdə 316 nəfər qatılıb. Onlardan 250 nəfəri uğur qazanıb. Eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 61 nəfər, tam orta təhsil səviyyəsi üzrə 189 nəfər uğur əldə edib. Növbəti mərhələdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək eksternlər müvafiq olaraq ümumi orta və tam orta təhsil haqqında attestat ala biləcəklər.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Ümumi orta təhsil səviyyəsi üzrə eksternat qaydasında aralıq imtahanlarında uğur qazanmış şəxslərin və tam orta təhsil səviyyəsi üzrə eksternat qaydasında aralıq imtahanlarında uğur qazanmış şəxslərin siyahısı ilə BŞTİ-nin saytında tanış olmaq mümkündür.

Əvvəlki“ADY Express” keçən il Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 50 min tonadək yük daşıyıb
NövbətiICESCO nümayəndə heyətinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb