Eksternat imtahanları üçün 1 290 müraciət daxil olub

Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək aralıq imtahanları üçün sənəd qəbulu başa çatıb.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, eksternat imtahanlarında iştirak etmək üçün 1 290 müraciət daxil olub.

Qeyd edək ki, eksternat imtahanları dekabrın 25-26-da paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

ƏvvəlkiBakıda “Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində görüş keçirilib
NövbətiBu il paytaxt məktəblərindən 24 məzun qızıl və gümüş nişana layiq görülüb