Bu il 164 yol-nəqliyyat hadisəsinə görə 550 min manata yaxın sığorta ödənişi həyata keçirilib

Ölkə ərazisində satılan “Yaşıl Kart” sığorta müqavilələrinin sayı və sığorta haqlarının müqayisəsi onu göstərir ki, 6 aylıq nəticələrə əsasən sığorta müqavilələrinin sayında 67 faiz, sığorta haqlarında isə 97 faiz artım olub.

İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildirilib ki, 2023-cü ilin müvafiq dövründə təqribən 21 min sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 2 milyon 500 min manat civarında sığorta haqqı yığılıb. 2022-ci ilin ilk 6 ayı ərzində 117 yol-nəqliyyat hadisəsinə görə təqribən 290 min manat, 2023-cü ilin müvafiq dövründə isə 164 yol-nəqliyyat hadisəsinə görə 550 min manata yaxın sığorta ödənişi həyata keçirilib.

Ötən ilin ilk 6 ayı ərzində bir hadisə üzrə ortalama sığorta ödənişi 2466 manat, cari ilin ilk 6 ayı ərzində isə 3309 manat təşkil edib. Müqayisə edilən dövr üzrə sığorta müqavilələrinin sayına nisbətdə baş verən sığorta hadisələrinin faiz etibarilə azalmasına baxmayaraq ortalama sığorta ödənişinin 34 faiz artımı müşahidə olunub. Artımın təməl səbəbi Türkiyə Respublikasında baş vermiş ölüm hadisəsi və sağlamlığa dəyən zərər üzrə ümumilikdə verilmiş 100 min manat civarında sığorta ödənişidir.

ƏvvəlkiŞəhid Təbriz Rəhimovun xatirəsinə tikilmiş abidə-bulaq kompleksinin açılışı olub
NövbətiKarakasda Qoşulmama Hərəkatı Gənclərinin 1-ci Regional Forumu işə başlayıb