Şəhid Təbriz Rəhimovun xatirəsinə tikilmiş abidə-bulaq kompleksinin açılışı olub

Yevlax rayonunun Gülövşə kəndində şəhid Rəhimov Təbriz Rəhim oğlunun anım mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad ediblər. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Vətən müharibəsi veteranı Xaliq Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin tarixi əhəmiyyətindən danışıb. O, bu tarixi Qələbənin əldə olunmasında yevlaxlı gənclərin də həmvətənləri ilə çiyin-çiyinə vuruşduqlarını və Vətən torpaqlarının düşmən işğalından azad olunması naminə canlarından keçdiklərini vurğulayıb. Bu qəhrəmanlığın nəsillərə əbədi örnək olduğunu qeyd edərək, hər bir gənci bu nümunəyə layiq olmaq üçün Vətəninə, xalqına və dövlətinə sədaqətlə xidmət etməyə çağırıb. Şəhidlərimizin nümayiş etdirdiyi qəhrəmanlıqlardan danışaraq onların həyatının gənc nəslin vətənpərvər ruhda böyüməsində misilsiz əhəmiyyəti olduğunu vurğulayıb.

Şəhid ailələrinin üzvləri Azərbaycan oğullarının Vətənə sədaqətindən, torpaqlarımızın azad edilməsi uğurundakı mübarizəyə yüksək əhval-ruhiyyə ilə yollanmalarından, onların qısa, lakin şərəfli ömür yolundan danışıb, şəhidlərin xatirəsinin əziz tutulması, şəhid ailələrinə göstərilən diqqət və qayğıkeşliyə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.

Məlumat verilib ki, şəhid Təbriz Rəhimov 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidliklər göstərib. Müharibədən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmətinə davam edən Təbriz Rəhimov Ermənistan ordusunun sentyabr ayının 12-si və 13-də Azərbaycanın Qərb istiqamətində sərhəd boyu törətdiyi təxribatlarının qarşısının alınması zamanı Zəngilan rayonunda qəhrəmancasına şəhid olub. Düşmən təxribatının qarşısının alınması zamanı gedən döyüşlərdə göstərdiyi şücaətlərə görə Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şəhidin adı yaşadığı küçəyə verilib.

Anım mərasimində çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, “Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin Yevlax rayon nümayəndəliyinin sədr müavini Vətən müharibəsi iştirakçısı, yazıçı, jurnalist Natiq Əlisoy çıxışlarında bildiriblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun şücaəti, şəhid və qazi olmuş igid oğlanlarımızın hesabına Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Şəhid qəhrəman övladlarımız heç vaxt unudulmayacaq, onlar haqqında əsərlər yazılacaq, filmlər çəkiləcək. Gələcək nəsillər öz qəhrəmanlarını əbədi yaşadacaqlar.

Daha sonra şəhidin xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksinin açılışı olub.

Tədbirdə Gülövşə kənd tam orta məktəbinin şagirdləri və Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib.

ƏvvəlkiUkrayna Böyük Britaniya ilə təhlükəsizlik zəmanətləri üzrə danışıqlara başlayıb
NövbətiBu il 164 yol-nəqliyyat hadisəsinə görə 550 min manata yaxın sığorta ödənişi həyata keçirilib