Bakıda rəssam Fəridə Qarayevanın “Qarışıq gözəllik” adlı fərdi sərgisi açılıb

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunan “FantazEU” mədəni irs festivalı çərçivəsində Bakıda gənc xalçaçı-rəssam Fəridə Qarayevanın “Qarışıq gözəllik” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov və festivalın kuratoru Sona Quliyeva çıxış ediblər. Onlar qeyd ediblər ki, festivalın əsas məqsədi Avropa mədəni irsini təbliğ etmək, Azərbaycanın mədəni müxtəlifliyini populyarlaşdırmaqdır. Vurğulanıb ki, belə festivallar Avropa ilə Azərbaycan arasında möhkəm tərəfdaşlığın inkişafına kömək edəcək.

Sərgidə Fəridə Qarayevanın 14 əsəri nümayiş etdirilib. Rəssam öz əl işlərində xovsuz xalça (palaz, kilim, şəddə kimi növlər) texnikasından istifadə edib. Qeyd etmək yerinə düşər ki, Fəridə Qarayeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini xalçaçı-rəssam ixtisası üzrə bitirib. O, müxtəlif kollektiv sərgilərdə, plener və festivallarda fəal iştirak edib.

Qeyd edək ki, “FantazEU” festivalı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin 2018-ci ildən bəri keçirdiyi “Fantaziya” mədəni irs festivalının davamıdır. Festival öz adını XIX əsrin sonlarında Bakıda Avropa və Şərq memarlığı üslubunda tikilmiş “Fantaziya” hamamının adından götürüb.

ƏvvəlkiEmmanuel Makron Prezident İlham Əliyevə zəng edib
Növbətiİşçilərin hüquqlarını pozan iki şirkət barədə cinayət işi başlandı