Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov MDB üzv ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Özbəkistanın müdafiə naziri, general-mayor Bahodir Kurbanov ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tərəflər hər iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın daha da inkişafında maraqlı olduqlarını bildirib.

Qeyd edilib ki, Azərbaycan ilə Özbəkistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrində sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir.

Görüşdə müdafiə və hərbi təhsil sahəsində birgə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri ilə bağlı bir sıra məsələlər müzakirə olunub, hərbi-texniki sahədə qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Azərbaycan Respublikası və Özbəkistan Respublikası müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı imzalanıb.

ƏvvəlkiBacısı: “Fədayə Laçın mətbuat konfransı keçirəcək”
NövbətiTramp: “Əl-Bağdadinin yerinə keçdiyi ehtimal olunan şəxs məhv edilib”