Azərbaycan ilk dəfə Yay Olimpiya Oyunlarında badmintonda təmsil olunacaq

Lisenziya uğrunda keçirilən kişi badmintonçuların şəxsi yarışında milli komandamızın lideri Edi Reski Dviçayo qalib gələrək bu yay Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 4 illiyin zirvə yarışında ölkəmizi təmsil etmək şərəfinə layiq görülüb.

AZƏRTAC xəbər verir ki, təsnifat reytinqində 31-ci olan Edi Olimpiadaya lisenziyanı təmin edib. Xüsusilə 2019-cu ildə Kamerun və Əlcəzairdə keçirilən beynəlxalq turnirlərdə qazanılan qalibiyyət badmintonçumuzun lisenziya şanslarını əhəmiyyətli dərəcədə artırıb.

Avropa Badminton Konfederasiyasının rəsmi saytı Avropadan Olimpiadaya lisenziya qazanan badmintonçuların siyahısını dərc edib. Bu yekun siyahı olmasa da kişi badmintonçuların şəxsi yarışında böyük ölçüdə dəyişikliklər gözlənilmir. Yekun siyahı iyunun 15-də Dünya Badminton Federasiyası tərəfindən açıqlanacaq. Yekun olimpiya təsnifat reytinqində xalların hesablanması badmintonçuların olimpiya təsnifat dövründə iştirak etdiyi və daha yüksək xallar topladığı 10 beynəlxalq turnirin nəticələrinə görə toplanıb və buna əsasən müəyyənləşdirilib.

Olimpiya oyunlarında 38 kişi badmintonçu şəxsi kateqoriyada iştirak edəcək. 35 badmintonçu reytinq xalları hesabına olimpiadada mübarizə aparacaq. Digər 3 lisenziya isə Beynəlxalq Olimpiya Komitəsi, Dünya Badminton Federasiyası və lisenziya əldə edə bilməyən qitədən müvafiq ölkənin yerli federasiyasının daxil olduğu üçtərəfli komissiyanın qərarına əsasən veriləcək.

Yay Olimpiya Oyunları 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Əvvəlkiİlham Əliyev və Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
NövbətiTəzəpir məscidində bayram namazı qılınıb