III Avropa Oyunları: Daha bir badmintonçumuz pley-offa yüksəlib

Badmintonçumuz Edi Reski Dviçayo Polşada keçirilən III Avropa Oyunlarında kişilərin şəxsi yarışında səkkizdərbir finala vəsiqəni təmin edib.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz G qrupunun ikinci turunda Bolqarıstan təmsilçisi Dimitar Yanakiyevlə qarşılaşıb. Təmsilçimiz üç set davam edən görüşün yekununda 2:1 (17:21 21:16, 21:9) hesablı qələbə qazanıb. Ardıcıl ikinci qələbə son turun nəticəsindən asılı olmayaraq badmintonçumuza pley-offa vəsiqə qazandırıb.

İdmançımız qrup mərhələsində sonuncu görüşünü iyunun 28-də Ukrayna badmintonçusu Danilo Bosniuka qarşı keçirəcək.

Qeyd edək ki, badminton III Avropa Oyunlarında qitə çempionatı statusu daşıyır. Bu yarış dünya çempionatından sonra “Paris-2024” Yay Olimpiya Oyunlarına ən yüksək reytinq xalları verir.

ƏvvəlkiBu gün dünyada Mikro, Kiçik və Orta Sahibkarlıq Günü qeyd olunur
NövbətiADB Azərbaycana fəlakət risklərini digər CAREC ölkələri ilə birgə sığortalamağı təklif edir