Azərbaycan Həştərxanda keçirilən beynəlxalq nəqliyyat forumunda təmsil olunub

Həştərxanda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi – yeni konsepsiya” beynəlxalq forumu keçirilir.

AZƏRTAC Rusiya Federasiyası Həştərxan vilayətinin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, forumda Azərbaycan, Türkmənistan, İran, Qazaxıstan, Rusiya, eləcə də Belarus, Özbəkistan, Hindistan, Pakistan, BƏƏ və digər ölkələrdən olan 150-dən çox şirkətin nümayəndələri nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivləri, ilk növbədə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin (BND) reallaşdırılması ilə əlaqəli olan əməli məsələlərdən danışıblar.

Çərşənbə günü keçirilən dörd sessiyada ekspertlər yeni bazarlar, mal dövriyyəsi və tranzitin təmin edilməsi üzrə təşkilatların təkliflərini, eləcə də “Şimal-Cənub” nəqliyyat dəhlizinin yeni konsepsiyasını müzakirə ediblər. Şirkətlər investisiya sazişləri imzalayıblar.

Oktyabrın 26-da iştirakçılar regional müəssisələrlə tanış olacaqlar, Həştərxan limanlarını və “Lotos” Xüsusi İqtisadi Zonanı ziyarət edəcəklər.

Forumda “Şimal-Cənub” BND və Hind okeanı boyunca yerləşən dövlət və biznes strukturlarının nümayəndələri, ixrac-idxal şirkətləri, neft məhsulları, kimya, gübrə, kömür, metallar, avadanlıq, taxta-şalban, taxıl, qida məhsulları istehsalçıları, bank və maliyyə strukturları, logistik şirkətlər və Şərqin və qlobal Cənubun yeni bazarlarına satışların və yük daşımalarının artırılmasında maraqlı olan hər kəs iştirak edir.

Tədbir Həştərxan vilayəti hökuməti, “RusİranEkspo”, “Şimal-Cənub” Xəzər beynəlxalq inteqrasiya klubunun dəstəyi ilə keçirilir.

ƏvvəlkiBakı şəhər Xəzər Universitetində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirilib
NövbətiSərbəst güləş üzrə Azərbaycan millisi dünya üçüncüsü olub