Azərbaycan əsgərləri Şuşa məscidində namaz qılır

Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşa şəhərində yerləşən Gövhər Ağa məscidində 28 ildən sonra ilk dəfə namaz qılınıb. Bu barədə video sosial şəbəkələrdə yayılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videoda Şuşa məscidinin minarəsində Azərbaycan bayrağının asıldığı və hərbiçilərimizin namaz qılmaq üçün məscidə daxil olduğu görünür.

Videonu çəkən hərbçimiz “şükürlər olsun” deyərək məscidə daxil olur.

Qeyd edək ki, 28 ildən sonra – ötən gün Şuşada ilk dəfə azan oxunub.

Xatırladaq ki, Prezident İlham Əliyev noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bildirmişdi ki, 28 il yarım işğal altında olan Şuşanın Azərbaycan tarixində xüsusi yeri var: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcək.”

ƏvvəlkiRusiya sülhməramlıları Xankəndiyə daxil oldu
NövbətiTeledərslərin noyabrın 13-nə olan cədvəli