Avstraliyada səfirliklərə şübhəli bağlamalar göndərən şəxs həbs olunub

Avstraliya polisi bir sıra dövlətlərin bu ölkədəki səfirliklərinə şübhəli bağlamalar göndərən şəxsi həbs edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliya federal polisinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, Avstraliyanın cənub-şərqində Şepparton şəhərində yaşayan 48 yaşlı kişi təhlükəli bağlamaların göndərilməsində şübhəli bilinərək həbs olunub.

Həmin şəxs bu gün Melburnun magistr məhkəməsi qarşısında cavab verəcək. O, bir sıra ölkələrin Melburn, Kanberra və Sidneydə yerləşən səfirlik və konsulluqlarına 38 şübhəli bağlama göndərib. Günahı təsdiq olunacağı təqdirdə bu şəxsi 10 ilədək azadlıqdan məhrumedilmə cəzası gözləyir.

Əlavə olaraq bildirilir ki, şübhəli paketlərin içərisindəkilər məhkəmə-tibb ekspertizası tərəfindən yoxlanacaq.

Bir gün əvvəl Avstraliya polisi Kanberra və Melburnda bir sıra səfirliklərə və konsulluqlara şübhəli bağlamaların göndərilməsi barədə araşdırma aparıldığını bildirmişdi. Yerli KİV-lərin məlumatına görə, həmin bağlamalar 13 ölkənin – Böyük Britaniya, Almaniya, İtaliya, İsveçrə, Pakistan, Yunanıstan, İndoneziya, ABŞ, Fransa, Koreya Respublikası və Hindistanın nümayəndəliklərində aşkar edilib. Azı yeddi konsulluğun təxliyə olunduğu da bildirilirdi.

Əvvəlkiİlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub
Növbətiİstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb