“Avro-2024”: Azərbaycan millisi İsveçdə yubiley oyununa çıxıb

Futbol üzrə “Avro-2024”ün seçmə mərhələsinin ikinci turu çərçivəsində keçirilən İsveç – Azərbaycan oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, Stokholm şəhərindəki “Friends Arena”da oynanılan matçda İsveç millisinin start heyətində Robin Olsen, Viktor Lindelöf, Hyalmar Ekdal, Linus Valkvist, Qabriel Qudmundsson, Samuel Qustafsson, Mattias Svanberq, Emil Forsberq, Deyan Kuluşevski, Viktor Dyekereş və Aleksander İsak yer alıblar.

Azərbaycan yığmasının heyətində isə meydana Emil Balayev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Höccət Haqqverdi, Riçard Almeyda, Emin Mahmudov, Aleksey İsayev, Toral Bayramov, Ramil Şeydayev və Renat Dadaşov çıxıblar.

Bu matç millimizin Avropa çempionatlarının seçmə mərhələlərində 70-ci oyunudur. Komandamız qitə çempionatlarında 1994-cü ildə debüt edib. İlk matçını “Avro-1996”nın seçmə mərhələsində keçirən komandamız bu matçadək 69 oyuna çıxıb. Millimizin hesabında 6 qələbə və 10 heç-heçə var.

Yığmamız bu müddətdə 53 dəfə uduzub. 42 qol vuran komanda 169 top buraxıb.

Qeyd edək ki, F qrupunun ilk turunda hər iki komanda böyük hesabla məğlub olub. Belə ki, Azərbaycan millisi səfərdə Avstriya yığmasına 1:4, İsveç isə doğma meydanda Belçikaya 0:3 hesabı ilə uduzub.

ƏvvəlkiKanada İrana qarşı sanksiyaların siyahısını yeniləyib
NövbətiBu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür