Bakıda “Aİ və gənclər: Dayanıqlı gələcək naminə” adlı tədbir təşkil olunub

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Bakıda “Aİ və gənclər: Dayanıqlı gələcək naminə” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında Aİ-nin təhsil kampaniyası barədə videoçarx nümayiş etdirilib.

Daha sonra Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç çıxış edərək, təhsilin dayanıqlı gələcəyin qurulmasında mühüm rola malik olduğunu vurğulayıb, Aİ-nin Azərbaycanda həyata keçirdiyi layihələr, gənclər üçün imkanlar və iki tərəf arasında artan əməkdaşlıq istiqamətləri barədə danışıb. “Aİ ilə Azərbaycan arasında körpü rolunu oynayan “Gənc Avropa səfirləri” bu əməkdaşlığa öz töhfələrini veriblər. Azərbaycanın gəncləri yalnız gələcəyin liderləri deyil, həm də təqaüd proqramları, startaplar və digər bir çox sahədə fəal iştirak edən yaradıcı və təşəbbüskar gənclərdir. Mən özüm Avropada təhsil almışam və bu, mənim taleyimi diplomat kimi formalaşdırmağa mühüm töhfə verib. Bu gün burada toplaşaraq öz uğurlarımızı bölüşmək və yeni ideyaları müzakirə etmək istəyirik”, – deyə səfir əlavə edib.

Tədbir çərçivəsində “Gənc Avropa səfirləri”nin (YEA) fəaliyyətinin 10 il ərzində yaratdığı təsir barədə təqdimat da keçirilib və təşəbbüsün uğurları təqdim olunub.

Daha sonra YEA-ların milli koordinatoru Nazənin Cavadovanın moderatorluğu ilə keçirilən paneldə “Gələcəyin diplomatiyası: Gənclər, qadınlar və rəqəmsal iştirak” mövzusu müzakirə edilib.

Paneldə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç dayanıqlı gələcəyin qurulması üçün təhsil proqramlarının əhəmiyyətinə diqqət çəkərək deyib: “Biz Azərbaycanda bu sahədə bir çox layihələr həyata keçiririk. Avropa İttifaqı əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərir. Bu il nəqliyyat və rəqəmsal sahələr əsas prioritet mövzulara çevrilib. Bu, olduqca aktual məsələdir. Çünki Azərbaycanın Çinlə Avropa arasında yerləşməsi ölkənin strateji rolunu daha da artırır. Bu səbəbdən biz İpək yolu ilə bağlı layihələrə də dəstək veririk. Bununla yanaşı, Azərbaycanda indiyədək təhsil sahəsində 29 layihə icra etmişik. Onlardan 26-sı artıq tamamlanıb, 3-ü isə hazırda davam edir”.

İnfluenser Jalə Ələkbərova isə qadınların liderliyinin güclənməsi, gənclərin fəal iştirakı və rəqəmsal diplomatiyanın imkanları kimi mövzular barədə danışıb.

Paneldən sonra sual-cavab sessiyası təşkil edilib, daha sonra xatirə fotosu çəkilib.

Xatırladaq ki, hazırda Azərbaycanda 120-dən çox YEA fəaliyyət göstərir və onlar son 10 il ərzində 450-dən çox tədbir təşkil ediblər. Bu tədbirlərə təhsil təşəbbüsləri, müsabiqələr və Avropa İttifaqı ilə Azərbaycan gəncləri arasında dialoqu gücləndirən sosial kampaniyalar da daxildir. Ümumilikdə bu təşəbbüsə 30-dan artıq ölkəni təmsil edən 2500-dən çox gənc cəlb olunub.

ƏvvəlkiAzərbaycan Rusiyaya nota verib
NövbətiBMW hidrogen mühərrikli modellərin istehsalı üçün 273 milyon avro dövlət dəstəyi alıb