Zahid Oruc Əli Əsədova çağırış edib

“Parlamentin 4-5 çağırış dövründə, iki ardıcıl ildə ilk dəfədir ki, iki fərqli Baş nazirin iştirakı ilə dövlət büdcəsi müzakirə olunur”.

“Report” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, ilk növbədə hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır: “Prezidentin qərarı ilə vəzifəsindən çıxarılan şəxslərin fəaliyyətlərinə, nöqsanlarına və bir sıra hallarda cinayətlərinə yol vermək, təkrarlamaq olmaz. Hökumətdən ən başlıca tələb bundan ibarətdir. Prezident artıq yeni elitanı formalaşdırır. Bu, həm də hökumət və dövlət strukturların hamısını əhatə edir”.

Z.Oruc vurğulayıb ki, islahatlar dərinləşdikcə, struktur və instusional xarakter daşıdıqca daha artıq vətəndaş bu prosesi müdafiə edir, bu prosesə qoşulur və yeni elitanın formalaşmasında hamı öz töhfəsini verməlidir: “Ölkə başçısının irəli sürdüyü əsas məsələlərdən biri haqsız rəqabəti aradan qaldırmaqdır”.

O həmçinin əlavə edib ki, dünyada kiçik və orta sahibkarlıq 50-60 faiz üzərindədir: “Amma Azərbaycanda bu rəqəm aşağıdır. Halbuki prosesin dərinləşməsi üçün ölkədə böyük imkanlar var. Məmur biznesi Azərbaycanın keçmiş həyatında olub. Bu artıq bir miras kimi ölkənin ümumi həyatından sıradan çıxmaqdadır. Çünki məmur biznesi özünü doğrultmadı. Bu işlə məşğul olanlar ölkə iqtisadiyyatında iştirak etmirlər. Bu gün ölkədə əmək bazarına daxil olanların 60 %-i texniki peşə və ali təhsili olmadan daxil olur. Əmək bazarımızın durumu bundan ibarətdir. Çalışmalıyıq ki, hər il həm texniki peşə, həm də ali təhsilli şəxslərin sayını artıraq. Bununla da əmək bazarındakı vəziyyəti dəyişmək mümkün olacaq.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ötən gün səhmdar cəmiyyət və yeni koorparativ idarəetmə mədəniyyətindən danışdı. Bu çox vacib məsələdir. Çünki Azərbaycanda səhm bazarı formalaşmayıb. Kimsə qiymətli kağızlar bazarından dividentlər və vəsaitlər qazanmır. Nə qədər ki, bu aktiv işə düşməyəcək, o zaman yük dövlət və hökumətin üzərində qalacaq”.

ƏvvəlkiGürcüstanda yeni təhsil naziri təyin olunub
NövbətiBeyləqanın pambıq sahələrindən bu günədək 28 min 389 ton məhsul toplanıb