Yekaterinburqda MDB ölkələri ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın Yekaterinburqdakı baş konsulu vəzifəsini yerinə yetirən Şöhrət Mustafayev Rusiya Federasiyası ilə MDB ölkələri arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, Sverdlovsk Dövlət Uşaq Filarmoniyasında Sverdlovsk vilayətinin rəhbərliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev, Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin sədri Lyudmila Babuşkina, Rusiya Federasiyasının Xarici işlər nazirliyinin Yekaterinburqdakı nümayəndəliyinin rəhbəri Aleksandr Xarlov, Yekaterinburq şəhərinin meri Aleksey Orlov, vilayətin ictimai, siyasi xadimləri iştirak ediblər. Azərbaycanın Yekaterinburqdakı baş konsulu vəzifəsini yerinə yetirən Şöhrət Mustafayev tədbirdə çıxış edib.

Tədbirin mədəni hissəsində tamaşaçılara digər ölkələrin yaradıcı kollektivləri ilə yanaşı, Azərbaycan milli rəqs qrupunun solistləri Rena Qolubitskaya və Turan Əhmədovun ifasında “Sarı gəlin” və “Naz eləmə” rəqsləri, eləcə də müğənni Abil Ələddinoğlunun ifasında Azərbaycan xalq mahnıları təqdim olunub.

ƏvvəlkiRusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib