Sankt-Peterburqda MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

İyunun 3-də Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) 34-cü iclası keçirilib. AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev iclasda iştirak edib.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan dövlət xəbər agentliklərinin rəhbərləri və nümayəndələri, həmçinin MDB İcraiyyə Komitəsinin təmsilçiləri süni intellektdən istifadə, bu kontekstdə peşəkar jurnalistika standartlarına riayət edilməsi, feyk məlumatlara qarşı mübarizə məsələlərini və bu sahədə xəbər agentlikləri arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Çıxışlarda materialların sürətlə hazırlanması, mətnlərin müxtəlif dillərə tərcüməsi, beynəlxalq gündəmin monitorinqi, xəbər məzmununun keyfiyyətinin artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün müasir texnologiyalardan istifadənin vacibliyi vurğulanıb.

Xəbər agentlikləri arasında süni intellektdən istifadə sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə təlim proqramlarının yaradılması, avtomatlaşdırma sistemlərinin tətbiqi sahəsində təcrübə mübadiləsi ilə bağlı razılıq əldə olunub.

Tədbirdə Beynəlxalq Fakt Yoxlama Assosiasiyasının fəaliyyəti, MDB-nin 35 illiyi münasibətilə tədbirlərə hazırlıq məsələləri müzakirə olunub və Milli Xəbər Agentlikləri Assosiasiyasının (ANIA) yeni veb-saytının təqdimatı keçirilib.

ƏvvəlkiKibertəhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
NövbətiQırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib