Yay məktəbinin birinci mərhələsinə yekun vurulub

İyulun 30-da Bakı şəhərində “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan yay məktəbinin I mərhələsinin bağlanış mərasimi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən AZƏRTAC-a bildirilib ki, yay məktəbinin I mərhələsinə şagirdlər arasında keçirilən Spartakiadanın final mərhələsi ilə yekun vurulub.

Spartakiadanın final mərhələsinə Bakı şəhəri üzrə yay məktəbinin I mərhələsinin əhatə etdiyi 32 ümumi təhsil müəssisəsinin V-VI sinif şagirdlərindən ibarət 95, 3, 102, 200, 284, 286, 317 nömrəli məktəblərin komandaları qatılıb.

Məktəblilər qaçış, maneəli qaçış, səbətə topatma, kəndir dartma, kisədə tullanma və digər kateqoriyalar üzrə yarışıblar.

Paytaxtın 20 nömrəli məktəb-liseyində keçirilən tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva layihənin şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılmasında, onlarda sağlam həyat tərzinin aşılanmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinin müdir müavini, “ASAN könüllülük” məktəbinin rəhbəri Cahangir Hacıyev “Məktəblinin dostu” layihəsinin önəmindən danışıb, yay məktəbinin şagirdlərin asudə vaxtlarını daha səmərəli keçirmələri baxımından müstəsna əhəmiyyət daşıdığını bildirib.

Yarışların nəticəsinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 286 nömrəli tam orta məktəbin komandası I, 95 nömrəli tam orta məktəbin komandası II, 317 nömrəli tam orta məktəbin komandası isə III yerləri tutublar. Qalib komandalara hədiyyələr, diplomlar və kubok təqdim olunub.

Qeyd edək ki, “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi ümumi təhsil müəssisələrində reallaşdırılmış yay məktəbində iyulda V-VI, avqustda VII-VIII sinif şagirdlərinin iştirakı nəzərdə tutulur. Bu müddətdə 2000-dən çox məktəbli üçün təlim, seminar, informativ sessiya, ekskursiya, idman yarışları və əyləncəli saatlar təşkil edilir.

Yay məktəbinin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanları yaradılması, əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin – gələcəyin liderlərinin formalaşdırılmasıdır.

Xatırladaq ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

ƏvvəlkiAli təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir
NövbətiBeynəlxalq İnformatika Olimpiadasına hazırlıq işləri davam edir