Yaponiyada ilk: uyğur qadın parlamentə mandat alıb

Yaponiyada parlamentin aşağı və yuxarı palatalarına əlavə seçkilərdə mandat qazananlardan biri də uyğur əsilli Arfiyə Eridir.

Novator.az bildirir ki, Arfiyə Erinin atası uyğur, anası özbəkdir.

Seçki aprelin 23-də olub, hakim Liberal Demokrat Partiyasının üzvü Arfiyə Eri aşağı palataya mandat alıb.

Yaponiya konstitusiyalı monarxiyadır. 2019-cu il mayın 1-dən Akihito imperatorluq edir. İcra hakimiyyətini hökumət həyata keçirir. Hökumət parlamentin aşağı palatasına seçkinin nəticəsi əsasında qurulur.

Aşağı palataya son seçki 2021-ci ilin oktyabrında olub, Liberal Demokrat Partiyası və müttəfiqləri çoxluq əldə edib. Hakim koalisiya yuxarı palatada da üstün mövqedədir.

2021-ci il oktyabrın 4-dən Yaponiyada baş nazir postunu Liberal Demokrat Partiyasının sədri Fumio Kişida tutur.

ABŞ-ın CNN kanalı xəbər verir ki, Yaponiyada doğulan Arfiyə Erinin 34 yaşı var. Atası Çində rəsmən Sincan Uyğur Muxtar Rayonu adlandırılan, tarixi adı Şərqi Türküstan olan bölgədə, anası Yaponiyada doğulub.

Siyasətçinin uşaqlığı Çində keçib. ABŞ-ın Corctaun Universitetinin xarici siyasət fakültəsində təhsil alıb, Yaponiya Mərkəzi Bankında, BMT-də (təşkilatın Nyu-York şəhərindəki mərkəzi qərargahında) işləyib.

Arfiyə Eri Çində uyğurlara qarşı repressiyalara laqeyd qalmayan, uyğurların hüquqlarının pozulması məsələsini gündəmdə saxlayan şəxs kimi tanınır. Təsadüfi deyil ki, mühacir uyğurların beynəlxalq qurumu, istər Çində, istərsə də dünyanın başqa yerlərində yaşayan uyğurların maraqlarını təmsil edən Dünya Uyğur Konqresi Arfiyə Erinin parlament üzvü seçilməsini böyük sevinclə qarşılayıb, bu münasibətlə xüsusi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, Arfiyə Eri dünyada parlament üzvü seçilmiş ilk uyğur qadındır. Buna görə Dünya Uyğur Konqresi Arfiyə Erinin qələbəsini tarixi hadisə kimi qiymətləndirib.

Konqres vurğulayıb ki, Arfiyə Erinin qələbəsi Yaponiyadakı uyğur icması və bütün dünyadakı uyğur diasporu üçün mühüm əhəmiyyət kəsb edir: “Biz Arfiyə Erinin Yaponiyaya, yapon cəmiyyətinə ləyaqətlə xidmət edəcəyinə, eyni zamanda üzvü olduğu parlamentdə və digər yüksək səviyyəli tribunalarda uyğur məsələsini qaldıracağına qəti əmin olduğumuzu diqqətə çatdırırıq”.

Arfiyə Eri yapon, ingilis, Çin, uyğur dillərini sərbəst, özbək, türk dillərini qismən bilir. Hazırda ərəb dilini də öyrənir.

CNN Arfiyə Erinin qadınlara qarşı ayrı-seçkilik probleminə həssas bir siyasətçi olduğunu, kişilərin dominantlıq etdiyi yapon cəmiyyətində tez-tez gender bərabərliyi məsələsini qaldırdığını xatırladır.

Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.

ABŞ hökuməti və 20-dən çox ölkənin parlamenti Çin hökumətinin uyğurlara qarşı törətdiyi cinayətləri soyqırımı və ya soyqırımına cəhd kimi qiymətləndirib.

ƏvvəlkiKeniyada dünyanın sonunu gözləyərək aclıqdan ölənlərin sayı 90 nəfərə çatıb
NövbətiBakı metrosunun 26 stansiyasında rəislər dəyişdirilib