XİN Azərbaycan vətəndaşlarının BƏƏ-yə girişinə qadağa qoyulması ilə bağlı məsələyə münasibət bildirib

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasının vətəndaşları üçün giriş vizasının rəsmiləşdirilməsinə məhdudiyyətlər tətbiq edildiyi, vətəndaşlarımıza ölkəyə giriş qadağaları qoyulduğu barədə xəbərlərə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, A.Hacızadə bununla bağlı bildirib: “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu yayılan xəbərlərə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi, Dubay şəhərindəki Baş konsulluğu, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfirliyinə müvafiq sorğu göndərib.

Daxil olmuş məlumata əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına Birləşmiş Ərəb Əmirlikləri tərəfindən kütləvi şəkildə giriş vizasının rəsmiləşdirilməsində çətinliklər yaradıldığı, vətəndaşlarımıza giriş qadağaları qoyulduğu barədə xəbərlər həqiqəti əks etdirmir.

Birləşmiş Ərəb Əmirlikləri tərəfi viza rəsmiləşdirilməsini ölkə qanunvericiliyinin tələblərinə əsasən davam etdirir və viza rəsmiləşdirilməsinə imtinanın yalnız bəzi fərdi əsaslarda baş verməsi hallarının istisna edilmədiyi məlumdur”.

ƏvvəlkiAzərbaycanda dövlət qurumlarına “Microsoft” lisenziyaları artıq pulsuz paylanmayacaq
NövbətiPinhas Qoldşmit: Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün yaradılmış şərait digər ölkələrə nümunədir