Vətən müharibəsindən bəhs edən “BİZ” tarixi-sənədli filminin təqdimatı keçirilib

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə birgə istehsal etdiyi, Vətən Müharibəsində şanlı zəfərinə həsr olunan “BİZ” tarixi-sənədli filminin təqdimat mərasimi keçirilib.

“Report” xəbər verir ki, ilk olaraq qapalı baş tutan premyerada mədəniyyət naziri Anar Kərimov, silahlı qüvvələrin müxtəlif qoşun növlərini və hərbi birləşmələrini təmsil edən zabit və əsgər heyəti, Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər.

Təqdimat mərasiminə Bakıda səfərdə olan Türkiyə, Rusiya və Avropanın aparıcı kino mütəxəssisləri, o cümlədən, Türkiyə Respublikasının Mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.

Filmdə Vətən Müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da ümumi qələbədə oynadığı rol göstərilir. Eksran əsərində həm əsgərlərimizin, həm də sadə vətəndaşların müharibə dövründə keçirdiyi mənəvi və psixoloji ruh yüksəkliyi, emosiyalar, hisslər, ortaya çıxan yeni müsbət cizgilər və ən əsası hər bir azərbaycanlının qələbəyə sona qədər inam bəsləməsi öz əksini tapıb.

Filmdə eyni zamanda müharibə dövründə fenomenə çevrilən, videosu və fotosu ən çox paylaşılan, ən çox müzakirə olunan sadə insanların müsahibələrinə də yer verilib. Müharibədə baş verən tale yüklü hadisələri məhz onlar və həmin anın şahidləri danışırlar, həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər.

“BİZ”-in ərsəyə gəlməsində filmin ideya müəllifi və rejissoru, Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev başda olmaqla, Bakı Media Mərkəzinin yaradıcı heyətinin geniş rolu olub. Prodüseri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov, operatorları Əli Əliyev, Ziya Babayev, səs rejissoru Azad Vəliyev, redaktorları Ayaz Mirzəyev və İlham Bərxudar olan, montajını Əsgər Rəhimovun həyata keçirdiyi filmin yaradıcıları hesab edirlər ki, Azərbaycan Vətən Müharibəsindən qalib ayrılmaqla öz gücünü və imkanlarını nümayiş etdirib.

ƏvvəlkiHadrutda “Dəmir yumruq” abidəsi ucaldıldı
NövbətiPrezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb