Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib

İkinci Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidləri Fərid Ələkbərov, Nurlan Mustafayev və Nurlan Ağakişiyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, anım mərasimində xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.

Çıxış edənlər Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışıblar. Bildirilib ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Şəhidlərin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün nümunə olduğu vurğulanıb.

Şəhidlərin ailə üzvləri və yaxınları Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutduğuna görə öz dərin minnətdarlıqlarını bildiriblər.

ƏvvəlkiZaqatalada Vətən müharibəsi şəhidi Nail Abakarovun xatirəsi anılıb
NövbətiBaham adalarında gəmi qəzası nəticəsində azı 16 nəfər ölüb