Türkiyənin zəlzələ baş vermiş ərazilərindən Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının təxliyə prosesi davam edir.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, fevralın 8-də 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb. Zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir.

Əlavə olaraq, Qaziantep və Adanadan çıxacaq avtobuslarla vətəndaşlarımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.

Bu günə qədər 4 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının vəfatı barədə məlumat mövcuddur. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək, digər 3 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Allah rəhmət eləsin!

ƏvvəlkiAzərbaycandan Türkiyəyə 855 min manat maddi yardım göndərilib
NövbətiKüləkli hava şəraiti ilə əlaqədar 2 nəfər xəsarət alıb