Türkiyəli alim Azərbaycanın neolit dövrü insanlarının DNT-sinin araşdırmalarını aparacaq

Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada yerləşən Hacettepe Universitetinin Antropologiya Fakültəsinin professoru, doktor Yılmaz Selim Erdal AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun dəvəti ilə İnstitutun Elmi Fondunda tədqiqatlara başladı.

Qeyd edək ki, tədqiqatlar, Avropa Birliyinin Horizon 2020, Consolidator Grant Avropa Tədqiqatlar Şurası və Türkiyə Elm və Texnoloji Qurumu (TUBİTAK) tərəfindən dəstəklənmiş Orta Doğu Texniki Universitetinin (Ankara) Bioloji Elmlər Fakültəsinin doktoru Mehmet Somel`in “Neogen: Neolitik Anadolu toplumlarında genetik və mədəni qarşılıqlı təsirin arxeogenomik analizi” (“NEOGENE: Archaeogenomic analysis of genetic and cultural interactions in Neolithic Anatolian societies”) layihəsi  çərçivəsində aparılır. Layihədə Orta Doğu Texniki Universiteti, Hacettepe Universiteti və Stokholm (İsveç) Unversitetinin laboratoriyaları iştirak edirlər.

Layihə çərçivəsində Azərbaycan ərazisində aşkar edilmiş neolit insanlarının skeletlərindən DNT-analizi üçün nümunələr Türkiyənin və İsveçin son texnologiyalarla təchiz olunmuş laboratoriyalarında araşdırılacaqdır. Əsasən, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbəri olduğu arxeoloji ekspedisiya tərəfindən Tovuz rayonu ərazisində  aşkar olunmuş və tədqiq edilən abidələrin materialları beynəlxalq elmi layihənin araşdırılmasına cəlb edilib.

Professor, doktor Yılmaz Selim Erdalın bildirdiyinə görə, ilk olaraq Azərbaycandakı həmin abidələrdə aşkar edilmiş insan qalıqlarının DNT analizi əsasında neolit dövrünə aid insanların bir-birilə qohumluq əlaqəsi araşdırılacaq. Bundan sonra Güney və Quzey Qafqaz, Anadolu və Avropanın neolit dövrü erkən əkinçi-maldar qədim əhalisi arasında qohumluğun, genetik bağlılığın olması məsələsinə aydınlıq gətirilməyə çalışılacaq.

Türkiyəli alim elmi səfəri çərçivəsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova tərəfindən qəbul edilmiş, üç tərəfli görüşdə Azərbaycan və Türkiyə arxeoloqları arasında qarşılıqlı əməkdaşlığın perspektivləri, antropologiya və bioarxeologiya sahəsində gənc milli mütəxəssislərin yetişdirilməsi kimi mühüm mövzular üzrə müzakirələr aparılmışdır.

Həmçinin, elmi səfər müddətində professor, doktor Yılmaz Selim Erdal t.ü.f.d. Fərhad Quliyevin rəhbəri olduğu arxeoloji ekspedisiyanın tədqiq etdiyi Tovuz rayonundakı Göytəpə neolit abidəsi ilə də tanış olmuşdur. Doktor Yılmaz Selim Erdal və t.ü.f.d. Fərhad Quliyev gələcəkdə Tovuz bölgəsində və ümumilikdə, Azərbaycan ərazisindəki abidələrdə aşkar edilmiş paleoantropoloji materialların DNT və izotop analizinin aparılması üçün daha geniş istiqamətli tədqiqat layihələrinin gerçəkləşdirilməsi barədə fikir mübadiləsi apardılar. 

ƏvvəlkiBakı metrosunda həyəcan: qatarlar boşaldıldı
NövbətiBAKI ŞƏHƏRƏTRAFI DƏMİR YOLU XƏTTİNİN ELEKTRİK TƏCHİZATI SİSTEMİ ƏSASLI TƏMİR OLUNUR