Türkiyədə tanınmış teatr rejissoru Tofiq Kazımovun 100 illiyi qeyd edilib

Beynəlxalq Türk Mədəniyyət Təşkilatında (TÜRKSOY), Azərbaycanın Türkiyədəki səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə ölkəmizin tanınmış teatr rejissoru Tofiq Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

“Report”un Ankar bürosunun məlumatına görə, tədbir iştirakçıları öncə Tofiq Kazımovun yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.

TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları Baş İdarəsinin əməkdaşı Emre Başer türk dünyasında teatr, Tofiq Kazımovun Azərbaycan teatrına və türk dünyasına verdiyi töfhələrdən bəhs ediblər.

Türk dünyasının zəngin mədəniyyətinin, incəsənətini əks etdirən TÜRKSOY-un bu il 30-cu ildönümünün olduğunu xatırladan Sultan Rayev bildirib ki, bu il həm də Azərbaycan teatrının 150-ci ildönümüdür və T.Kazımovun da Azərbaycan teatrında özünəməxsus dəst-xətti olub.

R.Məmmədov bildirib ki, T.Kazımov yaradıcılığı ilə Azərbaycan tarixində önəmli yer tutan şəxsiyyətdir və təkcə Azərbaycan türklərinin deyil, bütün türk dünyasının ortaq dəyəridir.

Sənətkarın yaradıcılığından bəhs edən paneldə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru İsrafil İsrafilov, İzmir Dövlət Teatrının rejissoru Murat Çidamli, Çukurova Üniversitetinin müəllimi, Azərbaycanın Xalq artisti Cahangir Novruzov, teatrşünas Atabey Barış və T.Kazımovun qızı Aytən Kazımova çıxış ediblər.

Qeyd edək ki, T.Kazımov 14 yanvar 1923-cü ildə anadan olub. O, Azərbaycan teatrında 30 il xidmət göstərib, dünya dramaturgiyasından bir çox fərqli dildə əsərləri Azərbaycan seyrçisinə təqdim edib.

Mirzə Fətəli Axundov, Maksim Qorki, Nazim Hikmət, Viktor Hüqo, Şekspir, Cəlil Məmmədquluzadə, Məmməf Səid Ordubadi, Cəfər Cabbarlı, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyevin əsərlərini səhnəyə qoyub.

Sənət həyatı boyunca çoxlu sayda tamaşalar hazırlayan rejissor dəfələrlə dövlət mükafatlarına layiq görülüb, çoxlu sayda aktyor və rejjissor yetişdirib. T.Kazımov 57 yaşında, 2 avqust 1980-ci ildə dünyasını dəyişib və İkinci Fəxri Xiyabanda dəfn edilib.

ƏvvəlkiZərdab sakini 21 gün əvvəl itkin düşüb
NövbətiTəhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçiriləcək