Türkdilli ölkələrin ombudsmanlarının onlayn iclası keçirilib

Noyabrın 4-də türkdilli ölkələrin ombudsmanlarının onlayn iclası keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycanın, Türkiyənin, Özbəkistanın, Qırğızıstanın, Qazaxıstanın və Şimali Kipr Türk Respublikasının ombudsmanları iştirak ediblər.

İclasda məruzə ilə çıxış edən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva əvvəlcə Türkiyənin İzmir şəhərində baş verən zəlzələ nəticəsində həyatlarını itirənlərin yaxınlarına başsağlığı verib, yaralananlara isə şəfa diləyib, onların tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib.

Sonra müvəkkil Türkdilli Ölkələrin Ombudsmanlar Assosiasiyasının yaradılmasının insan hüquqlarının səmərəli müdafiəsi, bu sahədə təcrübə mübadiləsinin gücləndirilməsi baxımından olduqca əhəmiyyətli olduğunu qeyd edib, belə bir birliyin yaradılmasına lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.

S.Əliyeva Azərbaycan ombudsman institutunun Beynəlxalq Ombudsmanlar İnstitutu, Asiya Ombudsmanlar Assosiasiyası Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansı, Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin də fəal üzvü olaraq əməkdaşlıq əlaqələrini davam etdirdiyini bildirib.

Müvəkkil COVID-19 pandemiyası ilə bağlı BMT-nin xüsusi məruzəçilərinin bəyanatlarını yaxından izlədiyini, əhalinin həssas qruplarının hüquqlarının təmin edilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarına ünvanlanan tövsiyələri ehtiva edən çağırışlar yayımladığını iştirakçıların diqqətinə çatdırıb. Qeyd olunub ki, mövcud pandemiya ilə əlaqədar ombudsman təsisatında insanların qəbulunun müvəqqəti dayandırılmasına baxmayaraq, ərizə və müraciətlər e-mail, onlayn müraciət, telefon, faks və sosial şəbəkələr vasitəsilə qəbul edilir.

Ombudsman, həmçinin sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin məqsədli şəkildə Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini, Füzuli rayonunun Horadiz şəhərini, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər, Cəbrayıl, Xızı, Abşeron rayonlarını, habelə mülki əhalinin sıx məskunlaşdığı digər yaşayış məntəqələrini ağır artilleriya və raketlərdən istifadə etməklə atəşə tutması barədə iştirakçılara məlumat verib. Vurğulanıb ki, hücuma məruz qalan rayonlarda müvəkkil tərəfindən 5 faktaraşdırıcı missiya həyata keçirilib, mülki əhalinin qətlə yetirilməsi, yaralanması və mülki infrastruktura dəyən ziyan ilə bağlı 7 bəyanat, 2 çağırış və 5 aralıq hesabat hazırlanaraq aidiyyəti beynəlxalq qurumlara göndərilib.

S.Əliyeva, həmçinin onun dəvəti ilə Azərbaycana gələrək Gəncə şəhərində mülki şəxslərə raket hücumları nəticəsində baş verən insan təlafatı ilə bağlı yerində araşdırma aparan Türkiyənin baş ombudsmanına təşəkkür edib. O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini heçə sayaraq 30 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan regionda sülhün bərqərar olmasına real maneədir və beynəlxalq ictimaiyyət buna laqeyd qalmamalıdır.

Müvəkkil Ermənistanın mülki əhaliyə qarşı törətdiyi müharibə cinayətlərinin nəticələrini yerində görüb araşdırmaq məqsədilə türkdilli ölkələrin ombudsmanlarını Azərbaycana dəvət edib.

Tədbir iştirakçıları müvəkkilin qaldırdığı məsələlərin əhəmiyyətini vurğulayıb, Azərbaycan torpaqlarının tezliklə işğaldan azad olunacağına və insan hüquqlarının kütləvi şəkildə pozulmasına son qoyulacağına inandıqlarını bildiriblər.

Tədbir digər məsələlərin müzakirəsi ilə işini davam etdirib.

ƏvvəlkiTeledərslərin noyabrın 5-nə olan cədvəli
NövbətiAzərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir