Türk Şurasının Baş katibi Ermənistanın Azərbaycana hücumlarını pislədi

Xarici işlər naziri Ceyhun Bayramov və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, C.Bayramov Baş Katibə bölgədəki son vəziyyət barədə məlumat verib və atəşkəsin rəsmi elan olunmasından sonra ikinci dəfə Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulduğunu bildirib.

O, qeyd edib ki, Azərbaycan mövqelərinin intensiv atəşə tutulması və Füzuli, Cəbrayıl və Hadrut bölgələri istiqamətlərində hücum cəhdləri açıq şəkildə Ermənistanın atəşkəs rejiminə əməl etmədiyini və Azərbaycanın işğal olunmuş ərazilərindəki mövqeləri bərpa etməyi hədəf aldığını göstərir. Nazir Ermənistanın beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl etməli olduğunu vurğulayıb.

Baş katib Bağdad Amreyev Ermənistanın münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın şəhərlərinə və yaşayış yerlərinə hücumlarını pisləyib və Türk Şurasının Azərbaycanla həmrəyliyini qeyd edib. Bağdad Amreyev vurğulayıb ki, Ermənistan mülki əhaliyə qarşı hücumları dayandırmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

C.Bayramov Türk Şurasının Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan haqlı mövqeyinə verdiyi dəstəyə görə Baş katibə təşəkkürünü bildirib.

ƏvvəlkiTarixi Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldı, müzəffər ordumuz onu əsl sahibinə qaytardı
NövbətiBMT Baş katibi Gəncəyə hücumu pislədi