Türk Dünyası Mahnı Müsabiqəsi – “Türkvizyon” sabah onlayn keçiriləcək

Türkiyənin Türk Müzik Birliyi (TMB TV) telekanalının təşkilatçılığı ilə keçirilən “Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsi bu il pandemiya (COVID–19) səbəbindən onlayn keçiriləcək.

AZƏRTAC xəbər verir ki, 26 ölkənin təmsilçilərinin iştirakı ilə keçirilən yarışma dekabrın 20-də saat 17:00-da başlayacaq.

Müsabiqədə Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Serbiya, Qırğızıstan, Qazaxıstan, Şimali Makedoniya, İraq, Şimali Kipr Türk Cümhuriyyəti, Polşa və Almaniyadan təmsilçilər iştirak edir. “Türkvizyon – 2020”-nin qalibini 26 nəfərdən ibarət münsiflər heyətinin səsləri müəyyən edəcək. Bundan başqa müsabiqədə xüsusi “Tamaşaçı rəğbəti” mükafatı nəzərdə tutulub. Bu mükafat iştirakçılar arasında “Sarı Gəlin” mahnısının ifasına görə veriləcək. Tamaşaçı səsverməsi www.turkvizyon.tv saytında keçiriləcək.

“Türkvizyon” Türk Dünyası Mahnı Müsabiqəsinin məqsədi ortaq köklərə malik türkdilli ölkələr və xalqları bir-birinə daha da yaxından tanıtmaq, yeni ortaq mədəni platforma yaradaraq mədəni əlaqələri inkişaf etdirməkdir. Bu layihə iştirakçı ölkələrin və xalqların dünyada tanıdılmasına, eyni zamanda, yeni dostluq və əməkdaşlıq imkanlarının meydana gəlməsinə şərait yaradır.

Müsabiqə 20-dək telekanal vasitəsilə canlı yayımlanacaq. Azərbaycanda isə yarışmanı TMB TV və “Azad Azərbaycan” telekanallarında izləmək mümkün olacaq.

Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi planlaşdırılır.

ƏvvəlkiAzərbaycanda koronavirus infeksiyasından 4210 nəfər sağalıb, 3705 yeni yoluxma faktı qeydə alınıb
NövbətiAzTV-nin əməkdaşı TÜRKSOY-un diplomu ilə təltif olunub