Tərtərdə şəhid Ayşad Əzizovun ailəsi ziyarət olunub

Tərtər Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri Əskipara kəndində şəhid Ayşad Əzizovun ailəsində olub, onların problemləri və qayğıları ilə maraqlanıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi şücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edərək, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib.

M.Məmmədov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını bildirib. Qeyd edib ki, respublikamızın hər yerində olduğu kimi Tərtərdə də şəhid və qazi ailələri hərtərəfli qayğı ilə əhatə olunublar. Onların sosial problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılır.

Görüş zamanı şəhidin keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, “N” saylı hərbi hissənin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1990-cı il təvəllüdlü Əzizov Ayşad Qaryağdı oğlu 2020-ci il sentyabrın 29-da Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Rayon icra hakimiyyətinin başçısı Əskipara kəndində şəhidin ailəsi üçün yeni tikilən fərdi yaşayış evində aparılan son tamamlama işləri ilə tanış olub, müvafiq tövsiyələrini verib.

Şəhidin valideynləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

ƏvvəlkiŞuşadakı abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və dayandırılması qaydası təsdiqlənib
NövbətiPrezident İlham Əliyev Ağsuda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib