Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində paytaxt üzrə 36 layihə qalib olub

Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində paytaxt üzrə 36 layihə qalib olub.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən 12, 59, 95, 195, 176, 234, 18, 30, 163, 173, 38 nömrəli tam orta məktəblərə və 20, 83, 220 nömrəli məktəb-liseylərə məxsus layihələr ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasındadır.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 22 layihə isə fərdi kateqoriya üzrə qalib gəlib.

Qalib layihələr arasında ümumi təhsil müəssisələrində şagirdlərin sosial və sağlamlıq layihələrinə cəlb edilməsi, istedadlı uşaqların aşkarlanması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiqi, təhsilalanlara psixoloji dəstəyin göstərilməsi və ümumi təhsil müəssisələrində əlverişli sosial-emosional mühitin yaradılması, şagirdlərin milli ruhda tərbiyə edilməsi, ümumi təhsil müəssisələrində fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması, məktəb-valideyn münasibətlərinin inkişafı və digər müvafiq istiqamətlər üstünlük təşkil edir.

Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin keçirilməsinin əsas məqsədi təhsil müəssisələri, eləcə də təhsilverənlər arasında sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

ƏvvəlkiSərbəst güləşçilərimizin fərdi dünya kuboku yarışlarındakı ilk rəqibləri müəyyənləşib
NövbətiFHN-in azad edilən ərazilərdə hissələri fəaliyyət göstərir