Şuşada “Ürək-damar cərrahlarının Şuşa zirvəsi” adlı elmi toplantı keçirilib

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı, Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə Şuşa şəhərində “Ürək-damar cərrahlarının Şuşa zirvəsi” adlı elmi toplantı keçirilib. Bu tədbir Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra işğaldan azad edilmiş ərazilərimizdə keçirilən ilk elmi toplantıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin, ölkəmizdə ürək-damar cərrahiyyəsi və kardiologiya sahəsində fəaliyyət göstərən həkimlərin iştirak etdikləri toplantıda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev mədəniyyət paytaxtımız Şuşada ilk dəfə keçirilən elmi tibbi toplantının əhəmiyyətini vurğulayıb. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər sayəsində hər bir Azərbaycan vətəndaşı kimi, ürək-damar cərrahları da qürurludurlar.

TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin Davamlı tibbi təhsil şöbəsinin müdiri Emil İskəndərov çıxışında ürək-damar cərrahlarının elmi toplantısının həkimlərin elmi yenilikləri müzakirə etmələrinə və təcrübə mübadiləsi aparmalarına mühüm töhfə verəcəyini deyib.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Ramil Əliyev toplantının proqramında ürək-damar cərrahlarının və kardioloqların çıxışlarına yer ayrıldığını, həm çıxışların, həm də aparılacaq müzakirələrin iştirakçıların biliklərini yeniləmələri və təcrübə mübadiləsi üçün faydalı olacağını diqqətə çatdırıb.

Toplantı panel müzakirələrlə davam edib.

Çıxışçılar “Anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsində minimal invaziv üsullar”, “Qulaqcıq fibrilyasiyasında LAA bağlanması: kimə və nə zaman?”, “”Arkus aortanın odlu silah yaralanmasına cərrahi yanaşma”, “Aşağı ətrafın asimptomatik periferik arterial xəstəliyi və fasiləli axsama: 2024-cü il klinik təcrübə təlimatları”, “Minimal İnvaziv qapaq cərrahiyyəsi: kimə və nə zaman?”, “Funksional mitral çatışmazlığında diaqnostika və medikamentoz müalicə”, “Dərin venoz trombozun müalicəsində müasir yanaşma” və “Açıq ürək əməliyyatından sonrakı ECMO: zamanlama və taktika” mövzularında təqdimatlar edib, mövzular ətrafında müzakirələr aparılıb.

ƏvvəlkiAzərbaycanın müdafiə naziri İordaniya Kralı ilə görüşüb
Növbətiİordaniya Kralı COP29-a dəvət olunub