“Şüşə tullantıları təhvil ver, təkrar emala dəstək ol” aksiyası zamanı 190 litr şüşə tullantı təhvil verilib

“Qlobal Təkrar Emal Günü”ndə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Şüşə tullantıları təhvil ver, təkrar emala dəstək ol” aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 190 litr olan şüşə tullantı təhvil verilib.

Aksiya çərçivəsində tutumu minimum 5 litr olan şüşə banka və ya butulka gətirən vətəndaşlar ekoçanta və ya ting əldə ediblər. Daha çox şüşə tullantı gətirən vətəndaşlara əlavə olaraq milli parklara bilet, uşaqlara isə ətraf mühitin mühafizəsi ilə bağlı müxtəlif kitablar hədiyyə olunub.

Nazirlik aksiyada iştirak edərək təkrar emala dəstək olan, ağac əkərək təbiətə töhfə verən bütün vətəndaşlara təşəkkür edir, hər kəsi belə aksiyalarda fəal iştiraka dəvət edir.

Bayram günlərində regionlarda aksiyalar davam edəcək.

Qeyd edək ki, aksiyaların keçiriləcəyi ərazilərlə bağlı elanlar nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılır.

ƏvvəlkiAzərbaycanın sərbəst güləş millisi Avropa çempionatında birinci yeri tutub
NövbətiYaşıl hidrogen mövzusunda seminar keçirilib