Sultan Əl-Cabir: COP28 iqlim gündəliyinin bütün aspektlərini əhatə etdi

COP28 konfransı iqlim gündəliyinin bütün aspektlərini əhatə etdi. Belə ki, 133-dən çox ölkə bərpa olunan mənbələrini üç dəfə və enerji səmərəliliyini ikiqat artırmaq üzrə qlobal sənədə imza atıb; 159 ölkə Kənd Təsərrüfatı, Qida və İqlim üzrə BƏƏ Bəyannaməsini imzalayıb; 147 ölkə BƏƏ-nin İqlim və Sağlamlıq Bəyannaməsinə imza atıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28 konfransının prezidenti Sultan Əl-Cabir “Emirates” informasiya agentliyinə müsahibəsində söyləyib. O əlavə edib: “COP28 iqlim fəaliyyətinə 85 milyard dollardan çox, o cümlədən Yaşıl İqlim Fonduna 3,5 milyard dollar, Uyğunlaşma Fondu üçün 187 milyon dollar, Ən Az İnkişaf etmiş Ölkələr Fondu üçün 129 milyon dollar vəsait ayrılmasına nail oldu. Dünya Bankı bu məqsədlər üçün 2024-cü ildən başlayaraq hər il 9 milyard dollar əlavə investisiya qoyacaq”.

BƏƏ-nin naziri vurğulayıb ki, BƏƏ-nin ALTÉRRA platforması çərçivəsində təmiz texnologiyalar üçün 25 milyard dollarlıq sürətləndirmə fondu iqlimlə mübarizə sahəsində dünyanın ən böyük özəl investisiya vasitəsi olacaq. Nəhayət, ALTÉRRA 2030-cu ilə qədər qlobal miqyasda 250 milyard dollar maliyyə vəsaiti səfərbər etməyi hədəfləyir.

COP28-in prezidenti iqlim dəyişikliyinin “əsrin çağırışı”na, həm də bir fürsətə çevrildiyini bildirib. O, əlavə edib ki, düzgün addımlar atmaqla Birinci Sənaye İnqilabından bəri ən mühüm iqtisadi sıçrayışa nail olmaq mümkündür. Buna nail olmaq üçün 4-5 trilyon ABŞ dolları məbləğində illik maliyyə tələb olunur.

Sultan Əl-Cabir qeyd edib ki, COP29 və COP30 konfransları da iqlim dəyişikliyini iqtisadi inkişafla uzlaşdırmaq baxımından mühüm müzakirə və razılaşmalar platformaları olacaq.

ƏvvəlkiBŞTİ-nin sektor müdiri: Təhsil müəssisələrində istiliklə bağlı ciddi problemlər yaşanmır
NövbətiBakının Baş planının təqdimatı olub