Sudandan 26 Azərbaycan vətəndaşının ölkəmizə təxliyəsi həyata keçirilir

Sudan Respublikasındakı mövcud vəziyyətlə əlaqədar olaraq, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən müvafiq tədbirlər həyata keçirilməkdədir.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda Sudan Respublikasında yerləri müəyyənləşdirilmiş 26 Azərbaycan vətəndaşının qardaş Türkiyənin dəstəyi ilə üçüncü ölkə vasitəsilə təxliyəsi həyata keçirilməkdədir. Həmçinin təxliyə edilən vətəndaşlarımızdan etibarlı səyahət sənədləri olmayanların ölkəmizin aidiyyəti diplomatik nümayəndəlikləri vasitəsilə sənədləşdirilməsi işi təmin olunacaq.

Xarici İşlər Nazirliyi Sudan Respublikasındakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciət edərək onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə səyahət etməməyi, ehtiyac olmadığı təqdirdə evlərində və ya güvənli yerlərdə qalmaları, habelə vətəndaşlarımıza bu ölkəyə səyahətdən çəkinmələrini tövsiyə edir.

Sudanda yaşayan vətəndaşlarımızdan təxliyə və ya hər hansı çətinliklə bağlı Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin qaynar xətti: +201010271387

ƏvvəlkiSloveniya Ukraynaya 20 ədəd ZDM verib
NövbətiPaytaxtda avtomobil yanıb