Sosial qayğıya ehtiyacı olan ailələrə sovqat çatdırılıb

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, qurumun yerli idarə, şöbə və bölmələrinin əməkdaşları aprelin 13-də və 14-də respublikamızın şəhər və rayonları əhatə olunmaqla bir qrup aztəminatlı ailəyə baş çəkiblər. Kampaniya çərçivəsində yaşı 65-dən yuxarı olan, o cümlədən tənha və ahıl insanlara, şəhid və veteran ailələrinə ərzaq bağlamaları çatdırılıb.

Xidmət əməkdaşları baş çəkdikləri ailələrlə maarifləndirici söhbətlər aparıb, onlara evdə qalmağı tövsiyə edib, xüsusi karantin rejiminin qaydalarına riayət olunmasının vacibliyindən danışıblar. Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

ƏvvəlkiGəncədə “Evdə qal” aksiyası davam edir
NövbətiYas mərasimində iştirak adı ilə yalandan icazə alan daha 50 nəfər cəzalandırıldı