“Saudi Aramco”nun obyektləri yenidən husilərin hücumuna məruz qalıb

Yəmənli husilər yenidən Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti “Saudi Aramco”nun obyektlərinə zərbələr vurublar.

“Report” “ngv”yə istinadən xəbər verir ki, bu barədə Yəmənin üsyançı hərəkatının silahlı qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Yahya Saria məlumat verib.

Onun sözlərinə görə, bazar günü axşamdan bazar ertəsi səhərə qədər davam edən əməliyyatda 17 pilotsuz uçan aparat və ballistik raketdən istifadə olunub. On PUA “Saudi Aramco”nun Ciddə və Əl Cübaildəki neft emalı zavodlarına zərbələr endirib, daha beş PUA və iki raket Xamis Muşayt və Cizan yaşayış məntəqələrindəki əhəmiyyətli hərbi hədəflərə yönəldilib.

Y.Saria hücumların hədəflərinə çatdığını bildirib. Briqada generalı Yəmənin mühasirəsi və dövlətə qarşı aqressiya sona çatana qədər husilərin hərbi əməliyyatları davam etdirmək niyyətində olduqlarını da söyləyib.

Qeyd edək ki, yəmənli husilər bir neçə dəfə “Saudi Aramco”nun obyektlərinə hücum edib, sonuncu dəfə belə hücum mart ayında olmuşdu. O zaman Səudiyyə Ərəbistanının Nazirlər Kabineti husilərin krallığın neft infrastrukturuna hücumunun qlobal iqtisadiyyatı pozmağa yönəlik addım olduğunu bildirmişdi.

ƏvvəlkiGürcüstanın baş naziri ölkə müsəlmanlarını təbrik edib
NövbətiNur-Sultanda Ramazan ayında kütləvi tədbirlər qadağan edilib