Şamaxıda Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət sərgi açılıb

Şamaxı Yaradıcılıq Mərkəzində Xalq rəssamı Arif Hüseynovun anadan olmasının 80, yaradıcılıq fəaliyyətinin 55 illiyinə həsr olunmuş sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın klassik nağılları, klassik şairlərin əsərləri və Azərbaycanın aşıq yaradıcılığına həsr olunmuş rəsm əsərləri nümayiş olunub.

Mədəniyyət, təhsil və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Xalq artisti, professor İlham Namiq Kamal, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və digərləri yubilyarı təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Bölgələrdə yaşayan yaradıcı gənclərin Azərbaycanın tanınmış yaradıcı simaları ilə tanış olması və işlərindən bəhrələnməsi, onların estetik tərbiyəsinə müsbət təsirin artması məqsədilə reallaşan bu tədbir şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tədbir Şamaxı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşib.

ƏvvəlkiQabonun sabiq baş naziri keçid hökumətinin başçısı təyin edilib
Növbətiİnzibati həbs müddəti başa çatmış 3 erməniəsilli futbolçu azadlığa buraxılıb