Səudiyyə Ərəbistanında koronavirusa rekord yoluxma qeydə alındı

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi son bir gün ərzində ölkədə koronavirusa 429 nəfərin yoluxduğunu bildirib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, bu, ölkədə rekord sayda artımdır. “429 yeni yoluxmanın qeydə alınmasından sonra koronavirusa yoluxanların sayı 4 462 nəfərə çatdı”, – deyə Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Əbdül Əli keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, xəstəliyə yoluxmuş 761 nəfər sağalıb. Son bir gün ərzində yeddi pasiyent ölüb. Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 59 nəfərə çatıb.

Virusa ən çox yeni yoluxma Ər-Riyadda təsdiqlənib. Bu şəhərdə 198 insanda COVID-19 infeksiyası aşkarlanıb. Siyahıda sonra 103 yoluxma ilə Məkkənin də adı var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əvvəlkiİtaliyada koronavirusdan ölənlərin sayı 19,9 min nəfərə çatdı
NövbətiÖzbəkistanda COVID-19-a yoluxanların sayı 833-ə çatıb