Şəmkirdə KOB Fest sərgi-satış yarmarkası keçirilib

Şəmkir rayonunda KOB Fest sərgi-satış yarmarkası təşkil olunub.

“Report” xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş yarmarkada Şəmkir, Tovuz, Daşkəsən və Göygöl rayonlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri, sənətkarlar məhsul və xidmətlərini, əl işlərini təqdim ediblər.

Ümumilikdə yarmarkada 70-ə yaxın KOB subyekti tərəfindən 800 adda qida və qeyri–qida məhsulları, bank və sığorta xidmətləri, əl işləri, sənətkarlıq nümunələri nümayiş olunub.

KOB Fest çərçivəsində həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçirilib, biznes xidmətlər göstərilib, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunub.

“KOB Fest”in təşkilində məqsəd bölgədə KOB subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.

Qeyd edək ki, ilk KOB Fest sərgi-satış yarmarkası Bakı şəhərində keçirilib. Növbəti günlərdə Gəncə, Sumqayıt, Lənkəran, Quba və Füzulidə də KOB Fest təşkil olunacaqdır.

ƏvvəlkiDumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
NövbətiMilli Məclisin nümayəndə heyəti İsveçrəyə rəsmi səfərə gəlib