“Şəhidlik” adlandırılan massivdə arxeoloji araşdırma aparıldı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə, Xaçmaz rayonu Pirquluoba kəndi ərazisində İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevin rəhbərlik etdiyi ekspedisiyası tərəfindən aparılan tədqiqatın ilkin nəticələri əldə edilmişdir.

Belə ki, 2017-ci ildə Xaçmazın Pirquluoba və Qoçaqlı kəndinin sakinləri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna və Xaçmaz icra hakimiyyətinə rəsmi müraciət edərək Pirquluoba kəndinin inzibati  ərazisinə daxil olan və yerli əhali tərəfindən “Şəhidlik” adlandırılan massivdə arxeoloji araşdırma aparılmasında köməklik göstərilməsini xahiş etmişlər. Yerli əhalinin nəsildən-nəsilə ötürülən xatirələrinə əsasən deyilən ərazidə 1918-ci ildə Azərbaycan xalqını işğalçı  erməni-bolşevik rejimindən xilas etmiş Qafqaz-İslam Ordusunun hərbçiləri dəfn edilmişlər.

Qeyd edək ki, məsələ  ictimailəşəndən sonra Türkiyə Cümhuriyyətinin  Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral da bu il fevral ayının 23-də Xaçmazın Pirquluoba kəndinə gələrək yerli əhali ilə görüşmüş, türk hərbçilərin basdırıldığı ehtimal edilən məzarlığa baş çəkmişdi.

Arxeoloq Qəhrəman Ağayevin bildirdiyinə görə, bu ilin iyul ayından etibarən Pirquluoba  kəndinin yaınlığındakı 4 hektar 82 kv.m sahəni əhatə edən massivin 50 sotluq sahəsində arxeoloji tədqiqatlar aparılmışdır. Tədqiqatlar nəticəsində  islam qanunlarına uyğun olaraq üzü Qibleyə doğru istiqamətlənmiş skeletin aşkar olunduğu 2 saylı qəbirdən götürülmüş insan qalıqları Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təqdim edilmişdir.  Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin açıqladığı ilkin rəyə görə, insan qalıqları 100 il bundan əvvəl öldürülmüş (skelet qalıqlarında ölümə səbəb ola biləcək mexaniki zədə izləri aşkar edilib) 15-25 yaş arasında insana məxsus olub. “İndi burada dəfn edilən  insanların hansı şəraitdə ölməsinə  tarixi və arxiv araşdırmalarından sonra son rəy veriləcəkdir” – deyə arxeoloq Q.Ağayev bildirmişdir.

Xatırladaq ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevin rəhbərlik etdiyi arxeoloji ekspedisiya 2007-ci il iyulun 13-dən 2008-ci il 8 sentyabra qədər Quba soyqırımı məzarlığı ərazisində tədqiqatlar aparmışdır.

Həmçinin, bu il aprelin 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında Azərbaycan mədəni irs abidələrinin, Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs” mükafatına layiq görülüb.  

ƏvvəlkiAZƏRBAYCANLI NUMIZMAT ALIM BEYNƏLXALQ MÜSABIQƏNIN MÜNSIFLƏR HEYƏTINƏ DƏVƏT ALIB
Növbəti10 min azərbaycanlı rusiyalı oldu